Milli-mənəvi birlik

Xaricdəki gənclərin milli düşüncədə böyüməsi diasporumuzun möhkəm təməllər üzərində qurulmasının və işıqlı gələcəyinin qarantıdır.

Milli-mənəvi dəyərlər hər bir xalqın milli varlığının əsasını təşkil edir. Bu dəyərlər özünün tarixi inkişaf mərhələsi boyunca müxtəlif nəsillərin, dövrlərin məntiqi əlaqəsini yaradır, həmçinin tarixi yaddaşın bölünməzliyi və bütövlüyünü təmin etməklə, onun güclü tərbiyəvi əhəmiyyətini önə çəkir. Tarixi təcrübəyə əsaslanaraq aydın şəkildə müşahidə etmək olar ki, milli-mənəvi dəyərlərinə sahib çıxmayan və başqa millətlərin ideologiyasına yönələn, milli mənliklərini itirənxalqlar və millətlər sonunda dünya coğrafiyasından silinib yox olmaqdan qaça bilməmişdir. Bu səbəbdən bir cəmiyyəti daxildən məhv etmək istəyənlər həmin cəmiyyətin milli-mənəvi dəyərlərini başlıca hədəf olaraq seçirlər. Çünki, məhz bu dəyərlər milləti meydana gətirən bütün şəxsiyyətlərin, ziyalıların, mütəfəkkirlərin, ideoloqların ortaq varolma qaynaqları, mövcudluq səbəbləridir. Milli-mənəvi dəyərlər ümumilikdə hər bir millətin birlik, bərabərlik və ictimai həmrəylik içərisində yaşamasına,özünün milli kimliyi ilə beynəlxalq aləmdə tanınmasına imkan yaradır. Bəs milli-mənəvi dəyərlər necə formalaşır? Müasir İnkişaf Birliyinin sədri, Bakı Dövlət Universitetinin müəllimi Mübariz Göyüşlü deyib ki, qədim tarixə malik olan Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalaraq bu dəyərləri yaşatmış və inkişaf etdirmişdir: “Milli və mənəvi düşüncəni özündə ehtiva edən ideologiya, milli tarix, dil, milli-mənəvi mədəniyyət, adət-ənənə, ədəbi nümunələr, milli və dini özünüdərk, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli-mənəvi dəyərlər – hər bir millətin dili, dini və adət-ənənələri üzərində formalaşan, cəmiyyətin inkişafına kömək edən davranış qaydalarıdır. Milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz – milli-mənəvi dəyərlər sisteminə daxildir.

Tarix boyu Azərbaycanın dahi şəxsiyyətləri, dini-ruhani liderləri, ədibləri, dövlət qurucuları milli-mənəvi dəyərlərin inkişafında böyük rol oynamışlar. Uzunmüddətli proses nəticəsində formalaşan Azərbaycanın milli-mənəvi dəyərlər sistemi təkcə Azərbaycan xalqının mənəvi mühitinin əsası olaraq qalmamış, həmçinin digər xalqların, millətlərin də mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin inkişafına ciddi önəm verildi. Milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi-siyasi baza yaradıldı.

Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir”.

Mübariz Göyüşlünun fikrincə, Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir: “Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.

Hazırda özünün yüksəliş dövrünü yaşayan Azərbaycan cəmiyyətində dini şüur, milli şüur və dünyəvi dəyərlər elmi-konseptual şəkildə əsaslandırılmalı, bu üçlü formul vəhdət halında dəyərləndirilməlidir. Fəxarətlə deyə bilərik ki, üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı Azərbaycanda milli, dini və dünyəvi birliyin təməl prinsipidir. Müstəqilliyimizin və etnik-siyasi vahidliyimizin əsas təminatçısı olaraq cəmiyyətimizin ideoloji dəyərlər sisteminə çevrilən azərbaycançılıq ideologiyası da Azərbaycan Respublikasının siyasi-ideoloji və mənəvi birliyinin qorunmasında, dövlətimizin təhlükəsizlik sisteminin formalaşmasında müstəsna rola malikdir”.

Bu baxımdan xaricdəki gənclər də milli-mənəvi dəyərlərə və Ana vətənə bağlı olmaldırlar. Ona görə də diaspor gəncləri daima maarifləndirilməlidir. Xaricdəki gənclərin milli düşüncədə böyüməsi diasporumuzun möhkəm təməllər üzərində qurulmasının və işıqlı gələcəyinin qarantıdır.

Cavid Şahverdiyev

Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *